Birbank Star kartını sifariş et,QR ödənişlərində ƏDV-ni 2 qat geri al!
Mobil nömrənin dəyişdirilməsi
Şifr yarat
Portaldan İstifadəyə dair Müqavilə
Müqəddimə
Portaldan İstifadəyə dair Müqavilə (“Müqavilə”) Sizinlə, yəni İstehlakçı ilə Müvəkkil bank olan “Kapital Bank” ASC arasında bağlanmış müqavilədir və tərəfinizdən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üzrə Portaldan və Elektron kabinetdən istifadənin qayda və şərtlərini tənzimləyir.
-
Anlayışlar
Satıcı – Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisidir;
İstehlakçı – Satıcıdan malı alan fiziki şəxsdir;
Portal – alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün İstehlakçının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir;
Elektron kabinet – İstehlakçı tərəfindən şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə Portal üzərindən qeydiyyatdan keçməklə yaradılan fərdi virtual məkandır
Çek – malların dəyərinin ödənilməsini təsdiq edən və nəzarət-kassa aparatı vasitəsilə təqdim edilən sənəddir;
Operator – istehlakçı tərəfindən Satıcıdan alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxsdir;
Ödənilmiş ƏDV – Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Vergi Məcəlləsi) uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində Satıcıdan alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə nağdsız qaydada ödənişə görə hesablanmış ƏDV-nin 15 (on beş) faizindən, nağd qaydada ödənişə görə hesablanmış ƏDV-nin 10 (on) faizindən ibarət hissəsidir;
-
Çeklərdən və ödənilmiş ƏDV vəsaitindən istifadə qaydası
İstehlakçı yalnız yeni nəsil kassa aparatları vasitəsilə təqdim olunan və üzərində sürətli məlumat kodu (Quick Response Code) olan Çeklərdəki 12 (on iki) hərf və rəqəm kombinasiyalı simvoldan ibarət unikal identifikatoru (fiskal ID) Portal vasitəsilə Elektron kabinetə daxil edir.
Portala daxil olan müraciət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərə alınaraq, Çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir. Çekin çap olunma tarixindən 30 (otuz) gün keçənədək həmin Çek Elektron kabinetdə “gözləyən” statusunda saxlanılır. Elektron kabinetə daxil edilmiş Çekin çap olunma tarixindən 30 (otuz) gün keçdikdə, həmin Çek üzrə ödənilmiş ƏDV məbləği İstehlakçıya qaytarılır və Elektron kabinetdə müvafiq Çekin statusu “qaytarılan” olaraq dəyişdirilir. Bu müddət ərzində istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Çek Satıcı tərəfindən ləğv edildikdə (və ya dəyişdirildikdə) ödənilmiş ƏDV məbləği qaytarılmır və Elektron kabinetdə həmin Çekin statutusu “ləğv olunan” olaraq dəyişdirilir. Çek çap olunduğu tarixdən 30 (otuz) gün keçdikdən sonra Elektron kabinetə daxil edildikdə, etibarlı Çekin statusu müvafiq qaydada “qaytarılan” olaraq müəyyən edilir.
Çek çap olunduğu tarixdən sonrakı 90 (doxsan) gün ərzində Portala daxil edilə bilər.
Neft və qaz məhsulları üzrə ödənilmiş ƏDV qaytarılmır.
İstehlakçı Portalda toplanan ödənilmiş ƏDV-dən aşağıdakı məqsədlər üçün istifadə edə bilər:
- Portal vasitəsilə ödənişlər etməklə (kommunal, mobil, telefon, internet, TV, cərimə, sığorta və s.);
- Ölkədaxili banklara məxsus ödəniş kartlarına köçürmək yolu ilə. Bu zaman İstehlakçıdan müvafiq bank xidmətlərinə görə komissiya tutula bilər. Müvəkkil bank gələcəkdə ödənilmiş ƏDV-dən istifadə məqsədlərinin dairəsini genişləndirə (məhdudlaşdıra) bilər.
Müvəkkil bank bu Müqavilə üzrə şərtləri birtərəfli qaydada dəyişdirə bilər.
Təsdiq və bəyanatlar
Portaldan və ya Elektron kabinetdən istifadə (qeydiyyat) zamanı tərəfinizdən məlumatların daxil edilməsi, mobil nömrənizə SMS vasitəsilə göndərilmiş bildirişin (məlumatın) təsdiq edilməsi, habelə, Müvəkkil bankın mobil tətbiqi, internet saytı və ya digər texnoloji (texniki) vasitələr ilə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müvəkkil bank tərəfindən Sizə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və Sizin şəxsi imzanız ilə eyni hüquqi qüvvədədir.
Siz təsdiq edirsiniz ki, Portaldan və ya Elektron kabinetdən istifadə (qeydiyyat) ilə əlaqədar Tərəfinizdən bəyan edilən eyniləşdirmə məlumatları şəxsən Sizə məxsusdur. Əks halda bununla bağlı Müvəkkil banka və ya üçüncü şəxslərə dəyə biləcək zərərə (ziyana) görə şəxsən məsuliyyət daşıyacaqsınız. Siz müvafiq eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi (ötürülməməsi) ilə bağlı tədbirlər görməlisiniz. Müvəkkil bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müvəkkil bankdan asılı olmadan həmin məlumatların üçüncü şəxlər tərəfindən əldə olunması və ya istifadə edilməsi zamanı Sizə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Müvəkkil bank məsuliyyət daşımır.
Siz qəbul edirsiniz ki, Bank Portalın və Elektron kabinetin fəaliyyətini təmin etmək məqsədilə Sizə aid məlumatları Qaydalara əsasən üçüncü şəxslərə təqdim edə bilər.
Bu Müqavilədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Qaydalar və digər hüquqi aktlarla tənzimlənir.